Sloveniya otellərindən biri Portuqaliya yığmasının ulduzu Kristiano Ronaldonun yatdığı çarpayını xeyriyyə hərracına çıxarmaq qərarına gəlib.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Kristiano Ronaldo martın 26-da yoldaşlıq oyununda iştirak etmək üçün Portuqaliya yığması ilə Sloveniyanın paytaxtı Lyublyanada olub. Komanda “Grand Plaza” otelində düşərgə salıb.
Otelin nümayəndəsi təsdiqləyib ki, Ronaldonun yatdığı çarpayı xeyriyyə məqsədilə hərraca çıxarılacaq. Başlanğıc qiymətinin 5 min avro məbləğdən bir qədər çox olacağı bildirilir.
Xatırladaq ki, Sloveniya yığması həmin yoldaşlıq oyununda Portuqaliya kollektivini 2:0 hesabı ilə məğlub edib. 39 yaşlı veteran hücumçu Kristiano Ronaldo bütün oyunu səy göstərsə də, komandasını məğlubiyyətdən qurtara bilməyib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


