Bundesliqanın 28-ci turunda “Union”la səfər oyununda qələbə (1:0) “Bayer”in və “əczaçılar”ın baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu qələbə sayəsində Xabi Alonsonun “əczaçılar”ı 2013/2014 mövsümündə ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Bayern”in rekordunu təkrarlayıblar.
Belə ki, “Bayer” 28-ci turun yekunlarına əsasən bu uzun yolu məğlubiyyətsiz – 24 qələbə və 4 heç-heçə ilə keçməklə gəlib. Xosep Qvardiolanın “Bayern” isə Bundesliqanın 2013/2014 mövsümündə 28 turluq yürüşü məğlubiyyətsiz gəlmiş, amma 29-cu turda səfərdə “Auqsburq”a məğlub olmuşdu (0:1).
Göründüyü kimi, “əczaçılar” mütləq rekorda doğru addımlayırlar. “Bayer” 29-cu turda qonaq edəcəyi “Verder”ə məğlub olmamaqla mütləq rekorda nail ola bilər. “Musiqiçilər”i məğlub edəcəyi halda isə “Bayer” Bundesliqa çempionluğunu bayram edəcək.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Hazırda Xabi Alonsonun “əczaçıları” Almaniya Bundesliqasının 28 turundan sonra 76 xalla yarış cədvəlinin vahid liderləridir. “Əczaçılar” ən yaxın təqibçisi – Almaniya nəhəngi “Bayern”i (60 xal) 16 xal qabaqlayırlar. Növbəti turda qazanılacaq daha bir qələbə “Bayer”in çempionluğu rəsmiləşdirməsi üçün yetərli olacaq.
“Bayer” həmçinin Avropa Liqasında da mübarizə aparır. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış Almaniya klubunu 1/4 finalda “Vest Hem”lə (İngiltərə) görüşlər gözləyir. “Əczaçılar” bu yarışda da çempionluğa iddialıdırlar.


