Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Qəbələdə keçiriləcək. Burada yerli “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək. Tərəflər indiyə qədər çempionatda 7 dəfə üz-üzə gəliblər. Bu oyunlarda hərəyə 2 qələbəsi olan komandalar 3 matçda da heç-heçəyə razılaşıblar. “Qəbələ” son 5 matçda qol vurub. Son 4 görüşdə üç və ya daha çox qol qeydə alınıb.
Kaxaber Sxadadzenin gəlişindən bəri 3 xala həsrət olan, çempionatın aşkar autsayderinə çevrilmiş “Qəbələ” bu gün uğursuz gedişata son qoymağa çalışacaq. Ötən tur “Sabah”a qalib gəlmiş “Turan Tovuz” isə səfərdə 3 xal qazanmaqla avrokuboklara vəsiqə şanslarını qorumaq istəyəcək.
Günün digər oyunu “Neftçi” ilə “Araz-Naxçıvan” arasında baş tutacaq. Paytaxt təmsilçisi zirvədən aralı düşməmək üçün bu ev oyunundan qalib ayrılmağa borcludur. Xeyli müddətdir qələbəyə həsrət olan Naxçıvan təmsilçisi isə uğursuz gedişata son qoymaq istəyir. Bu komanda “Neftçi” ilə görüşə yeni baş məşqçi ilə çıxacaq. Belə ki, Azər Bağırovun istefasından sonra baş məşqçi postuna gətirilmiş Elmar Baxşıyev Naxçıvan klubundakı debüt matçında məhz “Neftçi” ilə üz-üzə gələcək.
Bu komandalar indiyə qədər çempionatda 7 oyun keçiriblər. Bu görüşlərdə “Neftçi” 3, “Araz-Naxçıvan” 2 qələbə qazanıb. Daha 2 oyun sülhlə bitib. “Neftçi” son 4 görüşdə qalib gəlməyib. “Araz-Naxçıvan” son üç qarşılaşmada qol vurub.
Premyer Liqa
30-cu tur
12 aprel
“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
13 aprel
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 16:30.
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena”, 19:00.
14 aprel
“Səbail” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Bayıl Arena”, 16:30.
“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Masazır Arena”, 19:00.


