“Qarabağ”ın ÇL-də daha iki potensial rəqibi bəlli oldu

“Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çempionluğu bir neçə tur öncə rəsmiləşdirən Ağdam təmsilçisi Litva klubu “Panevejis” və ya Qazaxıstan komandası “Ordabasi” ilə qarşılaşa bilər.

Adıçəkilən klubların yer alacağı səbət daha əvvəl qeyri-müəyyən idi. Onların püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaqları artıq dəqiqləşib.

Ümumiyyətlə, yarışa 1-ci raunddan qoşulacaq 13 komanda artıq bəllidir ki, onlardan 6-sı – “Qarabağ”, “Slovan” (Slovakiya), HJK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı “səpələnmişlər” səbətində, yəni güclülərin sırasında olacaqlar. “Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

Xatırladaq ki, daha əvvəl “Vikinqur”un (İslandiya) “səpələnməmişlər”də olacağı bilinirdi. TNS (Uels), RFS (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun (Belarus) səbəti isə qeyri-müəyyəndir.

UEFA Çempionlar Liqasında yeni mövsümün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: