“Neftçi” futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.
Arena.az xəbər verir ki, bu rəqəm 33-cü turun “Qarabağ”la səfər matçından sonra belə yüksək həddə çatıb.
Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antiekordunu təkrarlayıb.
“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/2014 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxmışdı. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
Xatırladaq ki, 2023/2024 mövsümünün başa çatmasına hələ 3 tur var. “Ağ-qaralar”ı isə bu mövsüm daha bir səfər oyunu gözləyir. Son turlarda “Kəpəz” və “Sabah”ı qəbul edəcək “neftçilər” mayın 19-da “Səbail”in qonağı olacaqlar. Deməli, paytaxt klubunun hələ mütləq antirekorda imza atması da istisna deyil.
Miodraq Bojoviçin çalışdırdığı kollektiv bu mövsüm Premyer Liqada keçirdiyi 33 oyunda 50 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


