Məşhur portuqal mütəxəssis Joze Mourinyo Portuqaliya yığmasına rəhbərlik təklifi alanda “Roma”da qalmaq qərarını səhv olaraq qiymətləndirib.
Arena.az “A Bola” dərgisinə istinadən, porutqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Ən adi məqam dəvəti qəbul etməyim olardı. Bu, iki dəfə baş verdi, amma onlar gərəksiz vaxtda peyda oldular. Bu sonuncu dəvətdə mən duyğularıma münasibətdə fikrimi üstün tutmağı özümə izn verdim və Romada qalmağı qərara aldım. Bu, bir səhv idi. Portuqaliya hazırda dünyanın ən yaxşı komandalarından birinə sahibdir, onlar inanılmaz komandadır, bunu bilirəm, amma “Roma” və azarkeşlərlə böyük bağlılıq hiss edirdim, ona görə də təklifdən imtina etdim. Üçüncü fürsət yaranarsa, mən bunu qəbul edəcəyəm və ümidvaram ki, Portuqaliya oyunçularının gələcək nəsli də bu nəsil qədər yaxşı olacaq”, deyə “Mour” vurğulayıb.
Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.
“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.
Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.


