“Qarabağ” klubunun futbol akademiyasının aşağı yaş qruplarından ibarət komandaları bu yay Qətərdə toplanış keçəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mayın 18-23-də keçiriləcək səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.
Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq edəcəyi səfər çərçivəsində “Qarabağ”ın komandaları iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu matçlar ayın 19-da və 21-də keçiriləcək. Bununla da Ağdam klubunun akademiyasının mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.
Yeri gəlmişkən, Ağdam klubunun futbol akademiyasının komandaları “Junior World Cup”da iştirak edəcək. U-9 və U-14 Türkiyənin Antalya şəhərində təşkil olunacaq yarışa qatılacaqlar.
Mayın 17-19-da baş tutacaq turnirdə U-9-un rəqibləri arasında “Fatih Karagümrük”, “Antalyaspor”, “Beşiktaş” və “Paxtakor” (Özbəkistan) kimi komandalar olacaq. U-14 isə “Antalyaspor”, “Oina” (Qazaxıstan), “Sabah”, “Dinamo” (Batumi, Gürcüstan) və digər rəqiblərlə mübarizə aparacaq.


