Braziliya millisinin və İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson Moraes qarşıdakı Amerika Kubokunu buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, buna təcrübəli qapıçının klubunda ciddi zədə alması səbəb olub. Millidə Edersonun yerini “San Paulo”nun qapıçısı Rafael tutacaq.
Amerika kuboku iyunun 20-dən iyulun 14-dək Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək.
Xatırladaq ki, braziliyalı qapıçı göz çuxurundakı sınıq səbəbindən İngiltərə Premyer Liqasında mövsümün son iki oyununu buraxmaq məcburiyyətində qalıb. O, mayın 14-də Premyer Liqanın 34-cü turunun “Tottenhem”lə təxirə salınmış oyunu zamanı zədələnib. Oyundan sonra zədələnmiş nahiyənin müayinəsi zamanı qapıçının sağ göz çuxurunda kiçik bir sınıq aşkar edilib. Zədənin nə zaman sağalacağı haqda dəqiq məlumat yoxdur.
Ederson “San-Paulu”nin yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro müqabilində transfer ediblər. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ederson “Siti”nin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 34 qol “yeyib”, 16 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində ümumi statistikası isə belə mənzərə yaradır: 332 oyun, 257 buraxılmış qol, 155 “quru” oyun.
Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltərə Premyer Liqasının 6 qat, İngiltərə Kubikunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.
Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçsı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


