Braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva “zadəganlar”ın heyətində keçirdiyi son oyundan sonra “Çelsi” ilə duyğusalca vidalaşıb.
Arena.az xatırladır ki, İngiltərə Premyer Liqasının sonuncu, 38-ci turunda “Çelsi”nin doğma “Stemford Bric”də “Bornmut”la qarşılaşma (2:1) Tyaqo üçün “zadəganlar”ın heyətində sonuncu oyun olub.
“Uşaqlarımın sizin üçün oynadığını görməyi xəyal edirəm. Təşəkkür edirəm, “Çelsi”. Azarkeşlərə təşəkkürlər. Mən sizin hamınızı sevirəm. Görüşənədək”.
Xatırladaq ki, Tyaqo Silva cari mövsümün – iyun ayının sonunda “Çelsi” ilə müqaviəlsinin bitməsilə “zadəganlar”ın düşərgəsini tərk edəcək və azad agent qismində “Fluminense”yə qoşulacaq. Daha əvvəl, braziliyalı futbolçu müvafiq keçidini London klubunun rəhbərliyi ilə əvvəlcədən razılaşdırdığını açıq şəkildə bildirmişdi. Həmçinin Silva “Fluminense” ilə də müqavilə barədə razılağa gəldiyini açıqlamışdı.
Tyaqo 2006-2009-cu illərdə məhz “Fluminense”də çıxış edib. “Flu”nun heyətində müdafiəçi 97 oyuna 9 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Çelsi”də isə Tyaqo 2020-ci ilin avqustundan çıxış edir. Cari mövsümdə Silva “zadəganlar”ın heyətində bütün yarışlarda 38 oyun keçirib, 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Braziliyalının “Çelsi” karyerasının ümumi mənzərəsi isə belədir: 155 oyun, 9 qol, 4 assist.
Vurğulayaq ki, Tyaqo Silva müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu məhz bundan sonra “Fluminense”, “Milan” və PSJ-də də uğurla çıxış edib.
Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.
“Transfermarkt” internet-portalı 39 yaşlı futbolçunun tansfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


