Keylor Navas Kosta Rika millisindəki karyerasını başa vurdu

Fransa çempionu PSJ-nin formasını geyinən təcrübəli qapıçı Keylor Navas Kosta Rika millisindəki karyerasını başa vurub.

Arena.az xəbər verir ki, o, bununla bağlı öz “İnstaqram” hesaında paylaşım edib.

37 yaşlı qolkiper qərarı ilə bağlı bunları deyib: “Həyatımın məğlubiyyətlərlə və qələbələrlə dolu olan bu fəsli başa çatdı. Mən kiçik bir əraziyə, lakin nəhəng ruha malik sevimli Kosta Rikamızın adını özümlə apararaq, minnətdarlıqla və irəliyə baxan bir ürəklə ayrılıram”.

Xatırladaq ki, Navas 2008-ci ilin oktyabr ayında debüt etdiyi Kosta Rika milli komandasının heyətində 114 matça çıxıb. O, bu oyunlarda 127 qol buraxıb, 42 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Keylor Navas 2019-cu ilin sentyabr ayında 15 milyon avro qarşılığında Madrid “Real”ından (İspaniya) PSJ-yə keçib. Təcrübəli qolkiper Paris təmsilçisində 114 oyun keçirib. Bu görüşlərdə 94 qol buraxmış qapıçı 52 matçda qapısını toxunulmaz saxlayıb.

Navas əvvəllər “Real”, “Levante”, “Albasete”, “Nottingem Forest” və “Saprissa”nın da formasını geyinib. Təcrübəli qolkiperin əsas uğurları da məhz “Real” və PSJ-nin adı ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 37 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: