Futbol üzrə Azərbaycan Kubokunun iki finalçısından (“Qarabağ” və “Zirə”) yalnız biri əvvəllər də bu titula sahib olub.
Arena.az xəbər verir ki, “Qarabağ” yarışın 7 qat qalibidir.
Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
“Zirə” isə tarixinin ilk kubokunu qazanmaq şansına malikdir. Bakı klubu bunu bacarsa, yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək. Belə ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb:
“Qarabağ” – 7
“Neftçi” – 6
“Kəpəz” – 4
“Xəzər Lənkəran”
“Bakı” – 3
“Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2
“İnşaatçı” B, “Şəfa” – 1.
Xatırladaq ki, “Qarabağ”la “Zirə” indiyə qədər Azərbaycan Kubokunda cəmi bir dəfə üz-üzə gəliblər. Maraqlıdır ki, iki il əvvəlki yeganə qarşılaşma da kubokun finalına təsadüf edib. Həmin oyunun 120 dəqiqəsi qollu heç-heçə ilə bitib və mükafatın sahibi penaltilərlə müəyyənləşib. Yekunda “Qarabağ” sevinən tərəf olub – 1:1, penaltilər – 4:3.
Ağdam və Zirənin təmsilçiləri arasında budəfəki final oyunu iyunun 2-də “Dalğa Arena”da baş tutacaq. Həlledici oyuna saat 20:00-da start veriləcək.


