“Turan Tovuz”un hücumameyilli yarımmüdafiəçisi Fərid Nəbiyev əyalət klubundan ayrılaraq “Səbail”ə üz tutub.
Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Səbail” PFK 2024/2025 mövsümünün transfer çalışmalarına start verib. Sözügedən klub heyətini Fərid Nəbiyevlə gücləndirib. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu, “Səbail”in yeni mövsüm üçün ilk transferidir. Paytaxt klubunda buna qədər yalnız Adil Nağıyevin komandadan ayrıldığı məlum idi.
Fərid Nəbiyev 2023-cü ilin iyul ayından “Turan Tovuz”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 33 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Fərid karyerası ərzində “Slaviya” (Praqa, Çexiya), “Şevardeni” (Gürcüstan), “Viktoriya” (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib. O, Azərbaycanın U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.


