Miloş Yevtiç yenidən “Qəbələ”də

Daha öncə də Azərbaycanda çalışmış serbiyalı futbol mütəxəssisi, fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiç yenidən “Qəbələ”də işləyəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Sxadadze ilə birlikdə çalışmış mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasının sonuncusu olan “Qəbələ” Birinci Liqaya düşüb. Əyalət təmsilçisi növbəti mövsümü məhz Birinci Liqada keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: