Eddi İsrafilov “Neftçi” rəhbərliyini tənqid etdi

“Neftçi”nin yollarını ayırmağa qərar verdiyi yarımmüdafiəçi Eddi İsrafilov paytaxt klubunun rəhbərliyini sərt tənqid edib.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İsrafilov paylaşımında bunları vurğulayıb:

“Salam, “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim. Çünki bu klubda çoxlu mehriban işçilər vardı. Amma klubun zəif idarəçiliyi və həmişə addımların gec atılması səbəbindən bunu belə etməliyəm! Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür etmək istəyirəm. Sizi hər zaman ürəyimdə daşıyacağam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm. Gələcəkdə sizə uğurlar arzulayıram.

Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin. Unutmayın ki, bu klubun özü, DNT-si və motoru sizsiniz. Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!

Xatırladaq ki, Eddi İsrafilov 2022-ci ilin yanvar ayından “Neftçi”də forma geyinirdi. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunun heyətində 71 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.

İspaniyada dünyaya göz açmış İsrafilov 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 26 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İsrafilovun karyerasını Azərbaycanda davam etdirəcəyi və ya əvvəlki kimi İspaniya klublarına üz tutacağı hələlik bəlli deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: