Avropa çempionatının (AÇ-2024) 1/8 final mərhələsinin Sloveniya ilə oyunu Portuqaliya millisinin qapıçısı Dioqo Kosta üçün əlamətdar olub.
Arena.az “Opta”ya istinadən xəbər verir ki, bu oyunda penaltilər seriyasında ardıcıl üç zərbəni dəf edən Kosta bunu bacaran ilk qapıçı kimi tarixə düşüb.
O, həm də qitə çempionatları tarixində oyunsonrası penalti seriyasında qola imkan verməyən yeganə qolkiperdir.
Portuqal qapıçı oyunsonrası penaltilər silsiləsində qəhrəmanlığını şərh də edib:
“Biz hiss edirdik ki, hamımıza inanmağa davam etmək gərəkdir. Biz sona qədər inandıq və hamımız çox xoşbəxtik. Bu, yəqin ki, həyatımın ən yaxşı oyunudur. Mən etməli olduqlarıma kökləndim. Mən daxili səsimi dinləyirdim. Əlbəttə, biz penalti vuranları təhlil etdik, amma oyunçular dəyişir, onlar da zərbələrini dəyişirlər. Komandaya kömək etdiyim üçün çox xoşbəxtəm və çox şadam”, – UEFA-nın mətbuat xidməti Koştanın fərəhlə vurğuladığı məqamı sitat gətirir.
Xatırladaq ki, Portuqaliya – Sloveniya matçının əsas və əlavə vaxtı qolsuz yekunlaşıb. Bu üzdən qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.
Dioqo Kosta Portuqaliyanın “Portu” klubunun yetirməsidir və karyerası ancaq bu klubla bağlıdır. 24 yaşlı qolkiper 2019-cu ildən “Portu”nun əsas komandasında oynayır. O, indiyə qədər bu komandanın heyətində 154 oyuna çıxıb. Dioqo bu görüşlərdə 129 qol buraxıb, 64 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
Kosta 2021-ci ilin oktyabr ayında depüt etdiyi Portuqaliya yığmasının heyətində 26 oyuna çıxıb. O, bu görüşlərdə 18 qol buraxıb, 14 oyunda isə qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


