Pepe Porutqaliya: “AÇ-2024-də fərqli nəticəyə layiq idik”

Portuqaliya yığmasının müdafiəçisi Pepe AÇ-2024-ün 1/4 finalında Fransaya məğlubiyyəti (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:5) şərh edib.

Arena.az veteran futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Komandamızın bu Avropa çempionatında göstərdiklərini təsvir etmək üçün söz tapmaq çətindir. İşimizin səviyyəsini nəzərə alsaq, fərqli nəticəyə layiq idik. Təəssüf ki, bu, futboldur. Dörd gün əvvəl Sloveniya yığmasına qalib gələndən sonra sevinirdiksə, bu gün kədərlənirik. Komanda yoldaşlarımı təbrik edirəm, əzmlə mübarizə apardılar, məşqçinin dediyi hər şeyi etdilər və yaxşı iş gördülər. Qol vurmaq imkanlarımız vardı, yaxşı oynadıq”, deyə təcrübəli oyunçu vurğulayıb.

Xatırladaq ki, Pepe əslən braziliyalıdır və “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulmuşdu. Onun bu klubla müddəti bu yaya kimi olan müqaviləsi vardı. Hazırda Pepenin “Portu” ilə müqaviləsinin müddəti bitib və o, azad agentdir. 41 yaşlı oyunçunun karyerasını bitirib-bitirməyəcəyi hələ bilinmir.

Geridə qalmış 2023/2024 mövsümündə müdafiəçi “Portu”nun heyətində bütün yarışlarda 34 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun “Portu” karyerası bütövlükdə 288 oyun, 17 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Pepenin karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır. Portuqaliyalı oyunçu İspaniya nəhəngi ilə çoxsaylı titullara sahib çıxıb. O, “Maritimo” və “Beşiktaş”da da forma geyinib.

Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 141 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib. “Qoca” milli karyerasını da yekunlaşdırmaq istəmir.

“Transfermarkt” internet-portalı 41 yaşlı Pepenin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: