Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avstriyada təşkil olunmuş toplanışın son oyun günündəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaq. İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven” (Belupo) olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Şabab Əl-Əhli”yə (Birləşmiş Ərəb Əmirlikləri) qarşı matçla yekunlaşdıracaq.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı toplanış çərçivəsində ilk iki matçını iyulun 9-da keçirib. Ağdam təmsilçisi Almaniyanın “Kayzerslautern” (1:3) komandasına uduzub, Çexiyanın “Viktoriya” (Plzen) kollektivinə (2:1) isə qalib gəlib.


