Fransa yığmasının ulduz hücumçu Kilian Mbappe AÇ-2024-ün İspaniya millisi ilə yarımfinal oyunundan sonra köynək dəyişikliyi edib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Mbappe “qırmzı qəzəb”in 17 yaşlı yeniyetmə vingeri Lamin Yamala yaxınlaşaraq, oyundan sonra onun köynəyini istədiyi haqda xahişini gənc futbolçuya bildirib:
“Kilian Mbappe oyundan sonra köynəyimi istədi”, deyə Yamalın özü bu haqda məlumat verib.
Xatırladaq ki, AÇ-2024-ün yarımfinalında İspaniya yığması Fransa yığmasını 2:1 hesabı ilə məğlub edərək, mötəbər yarışın finalına yüksəlib. Bu oyun Yamal üçün əlamətdar olub. Yeniyetmə vinger bu görüşdə komandasının bərabrəlik qolunun müəllifi olub. Bununla da 16 yaşlı (artıq 17 – redaktorun qeydi) yeniyetmə mötəbər yarışlar (Dünya və Avropa çempionatları) tarixində qol vurmuş ən gənc futbolçu olub.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


