“Qarabağ” “Şabab Əl-Əhli”ni 5 qolla məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Şabab Əl-Əhli” ilə qarşılaşıb.

Baş məşqçi Qurban Qurbanov bu oyunda komandasını aşağıdakı heyətlə meydana buraxıb: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Marko Yankoviç, Julio Romao, Leandro Andrade, Yassin Benzya, Abdullah Zubir (k), Juninyo.

Tirol bölgəsindəki “Silberstadt Arena”da baş tutan bu görüş Ağdam təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Məhsuldar keçən görüşdə hesabı Yassin Benzya açıb. Lakin asiyalılar bərabərlik qolunu vurmağı bacarıblar. Fasiləyə qədər Leandro Andrade rəqibin qapısına yol tapıb – 2:1.

İkinci hissədə Abdullah Zubir səhnəyə çıxıb. O, het-trik müəllifi olub. Rəqib görüşün sonlarında bu toplardan birinin əvəzini çıxa bilib – 5:2.

Xatırladaq ki, bu, “köhlən atlar”ın Avstriya toplanışı çərçivəsində üçüncü qələbəsidir. Azərbaycan çempionu daha öncə Çexiyanın “Viktoriya” (Plzen) komandasına 2:1, Xorvatiyanın “Slaven” (Belupo) kollektivinə isə 1:0 hesabıyla qalib gəlmişdi. Almaniyanın “Kayzerslautern” komandası ilə ilk sınaq matçı isə 1:3 hesablı məğlubiyyətlə başa çatmışdı.

Qeyd edək ki, Ağdam klubunun Avstriyanın Tirol bölgəsindəki təlim-məşq toplanışı sabah – iyulun 17-də başa çatacaq.

Yoxlama oyunu
16 iyul

Qarabağ – Şabab Əl-Əhli (BƏƏ) 5:2
Qollar: Yassin Benzya, 33. Leandro Andrade, 45+1. Abdullah Zubir, 51; 53; 55.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: