Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avstriyada təşkil olunmuş təlim-məşq toplanışını başa vurduqdan sonra vətənə dönüb.
Arena.az xəbər verir ki, iyulun 5-dən 17-nə qədər Tirol bölgəsində hazırlıq keçən Qurban Qurbanovun yetirmələri bu gün səhər saatlarında Bakıya qayıdıb.
Komanda yeni mövsümə hazırlıq prosesində dörd yoxlama oyunu keçirib. “Kayzerslautern” (1:3), Plzen “Viktoriya”sı (2:1), “Slaven” (1:0) və “Şabab Əl-Əhli” (5:2) ilə görüşən Ağdam təmsilçisi toplanışda üç qələbə qazanıb və bir məğlubiyyət alıb.
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” bu turnirin 2-ci təsnifat mərhələsinin “Linkoln”la matçlarının hazırlığını Bakıda davam etdirəcək. Cəbəllüttariq çempionu ilə ilk görüş iyulun 23-də səfərdə, cavab qarşılaşması isə ayın 30-da Bakıda keçiriləcək.


