“Liverpul”un müdafiəçisi Carell Kuansa Mersisayd klubunun oyunçularının 2024/2025 mövsümündən çox şey gözlədiklərini deyib.
Arena.az Kuansanın bu barədə fikrini təqdim edir:
“İrəlidə gözləniləcək çox şey var. Ötən mövsüm bizim üçün yaxşı mövsüm idi. Biz bir çox müsbət cəhətlərə baxa bilərik. Yeni mövsümdə fərqli məşqçi və fərqli üslubda oynayacağıq. Düşünürəm ki, bu, bizə yaraşacaq”, deyə Kuansa bildirib.
Carell Kuansa “Liverpul”un öz yetirməsidir. 21 yaşlı mərkəz müdafiəçisi 2023-cü ildən bu klubun əsas komandasında çıxış edir. İngilis futbolçu “qırmızılar”ın əsas komandasında 33 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, 2022/2023 mövsümünün ikinci dövrəsində icarə əsasında “Bristol Rovers”in də formasını geyinib – 16 oyun.
Kuansa İngiltənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


