Denni Drinkuoter karyerasını başa vurdu, inşaatda işə düzəldi

İngiltərə yığmasının keçmiş mərkəz yarımmüdafiəçisi Denni Drinkuoter futboldan təqaüdə çıxdıqdan sonra tikinti sahəsində işə başlayıb.

Arena.az məlumat verir ki, peşəkar futbolçu karyerasını başa vurduqdan sonra Drinkuoter bir neçə dəfə müxtəlif işlərlə məşğul olmağa girişib.

Əvvəlcə, Drinkuoter restoran biznesinin iflası səbəbindən 782 min funt-sterlinq məbləğində ziyana uğrayıb. Daha sonra isə Drinkuoter Mançesterin gecə klublarından birinin səhmlərinin 70% faizini alıb, amma bu klub keçən ay müflis olaraq bağlanıb.

Drinkuoter bu yaxınlarda öz sosial şəbəkə hesabı üzərindən tikinti yerindən bir fotoşəkil paylaşıb və şərh dərc edib:

“Ah bu ismarışlar… Özünüzü yaxşı aparın. Mən tikintində əlləşib-vuruşmağı sevirəm! Bu, mənim seçimimdir. Pulun bütün dərd-səri həll edəcəyini düşünən hər kəs tamamilə yanılır. Psixi sağlamlıq fiziki sağlamlıqdan daha vacibdir”, – Drinkuoterin dərcində deyilir.

Denni Drinkuoter “Mançester Yunayted”in yetirməsidir. Futbolçu karyerası ərzində yarımmüdafiəçi “Haddersfild Taun”, “Kardiff Siti”, “Uotford”, “Barnsli”, “Lester Siti”, “Çelsi”, “Börnli”, “Aston Villa”, “Kasımpaşa” və “Ridinq”də çıxış edib.

Drinkuoter 2016-cı ilin martında debüt etdiyi İngiltərə yığmasının heyətində məhsuldar fəaliyytəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Drinkuoterin qənimətlər muzeyində 2 İngiltərə Premyer Liqası çempionluğu (“Mançester Yunayted” (2008/2009) və “Lester Siti”, 2015/2016), İngiltərə Kuboku (“Çelsi”, 2018), İngiltərə Liqa Kuboku (“Mançester Yunayted”, 2009), İngiltərə Super Kuboku (“Mançester Yunayted”, 2008/2009), İngiltərə Çempionşipi çempionluğu (“Lester Siti”, 2013/2014) və FIFA Klub Dünya Kuboku (“Mançester Yunayted”, 2009) var.

34 yaşlı Denni Drinkuoter butslarını 2023-cü ilin oktyabrında asılqandan asıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: