“Çelsi” “zadəganlar”ın məzunu olan, ingilis mərkəz yarımmüdafiəçisi Konor Qallaxeri komanda ilə məşqlərdən kənarlaşdırıb.
Arena.az bu barədə jurnalist Tom Barklaya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Qallaxer yeni uzunmüddətli müqavilə imzalamağa açıq olduğunu bildirib. Buna cavab olaraq klub rəhbərliyindən bildiriş gəlib ki, əgər futbolçu avqustun 5-də “zadəganlar”ın məşqinə gəlsə, onun komanda ilə məşqə qatılmasına icazə verilməyəcək.
Daha əvvəl, “Çelsi”nin maliyyə ədaləti qaydaları ilə bağlı mövqeyini yaxşılaşdırmaq məqsədilə Konor Qallaxeri satmaq istədiyi barədə məlumat yayılmışdı. Bildirilib ki, Madrid “Atletiko”su 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. “Döşəkçilər” Qallaxerin keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində təkliflə müraciət etməyə hazırdırlar.
Konor Qallaxer “Çelsi”nin yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Çarlton”, “Suonsi Siti”, “Vest Bromviç” və “Kristal Pelas”da icarə əsasında çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qallaxer “Çelsi”nin heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Qallaxerin “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 95 oyun, 10 qol, 10 məhsuldar ötürmə.
Konor Qallaxer 2021-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 18 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Konor Qallaxerin qənimətlər muzeyində “Çelsi”nin U-18 komandası ilə qazandığı İngiltərə Gənclər Liqası çempionluğu (2016/2017 və 2017/2018), həmçinin “zadəganlar”la əldə etdiyi Avropa Liqası (2018/2019) var. Qallaxer milli komanda səviyyəsində İngiltərənin U-17 komandası ilə Dünya Kubokunun (2017) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


