Lionel Messi Argentina yığmasından kənarda qaldı

Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi DÇ-2026-nın seçmə mərhələ oyunlarına cəlb edilmiş heyətdən kənarada qalıb.

Arena.az məlumat verir ki, “albiseleste”nin baş məşqçisi, argentinalı mütəxəssis Lionel Skaloni ulduz hücumçunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili və Kolumbiya yığmalarına qarşı keçiriləcək oyunlara dəvət etməyib.

Argentina yığması Çili yığması ilə sentyabrın 6-da, Kolumbiya yığması ilə isə sentyabrın 10-da qarşılaşacaq.

Xatırladaq ki, Argentina yığması 2024-cü il Amerika Kubokunda çempionluğu qazandıqdan sonra Messi milli komandada oynamaqdan imtina edəcəyinə eyham vurmuşdu. Hazırda “Leo” Amerika Kubokunda aldığı zədəsinin müalicəsi ilə məşğuldur.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: