Portuqaliyanın “Benfika” klubunun braziliyalı sağ vingeri David Neres bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Braziliya millisinin də üzvü olan futbolçunun transferi neapollulara 28 milyon avroya başa gəlib. 27 yaşlı futbolçu yeni klubu ilə 4+1 illik müqaviləyə imza atıb.
David Neres Braziliyanın “San Paulo” klubunun yetirməsidir. Onu Avropaya 2017-ci ilin yanvarında “Ayaks” gətirib. Niderland nəhəngi həmin vaxt bu transferi 17,4 milyon avroya rəsmiləşdirmişdi. 2022-ci ilin yanvarında “Ayaks” Neresi 12 milyon avroya Donetsk “Şaxtyor”una satmışdı. Elə həmin ilin iyulunda isə “Benfika” Ukrayna klubuna 15,3 milyon avro ödəyərək Davidi sıralarına cəlb etmişdi.
Neres “Benfika”nın heyətində 83 oyuna çıxıb, 17 qol və 26 məhsuldar ötürmə müəllifi olub. O, 2022/2023 mövsümündə bu klubla Portuqaliya çempionu olub.
Braziliyanın U-20 və U-23 yığmalarında da oynamış Neres, 2019-cu ilin martında əsas millidə debüt edib. O, yığma komandanın heyətində cəmi 8 matça çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
“Napoli”nin dayaq yarımmüdafiəçisi Yens Kayuste isə “İpsviç Taun”a keçib. İngiltərə klubu isveçli futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Premyer Liqa təmsilçisi bir illik icarə üçün “Napoli”yə 1,5 milyon avro ödəyəcək.
Yens Kayuste “Napoli”yə 2023-cü ilin avqustunda 12 milyon avro müqabilində Fransanın “Reyms” klubundan keçib. O, Neapol təmsilçisinin heyətində 35 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı futbolçu daha öncə “Örqryute”, “Midtyulland” və “Reyms”də də forma geyinib. 2020-ci ilin noyabr ayında Norveç millisində debüt etmiş yarımmüdafiəçi, millidə 23 oyun keçirib.


