Portuqaliya – Azərbaycan matçının hakimləri açıqlandı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan matçının hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Matçın baş hakimi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin kömək edəcək. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

Daniel Zibert Azərbaycan futbolsevərləri üçün tanış hakimdir. O, 2019/20 mövsümündə “Qarabağ”ın evdə Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşünü idarə edib. 37 yaşlı referi həmin qarşılaşmada Ağdam təmsilçisinin qapısına penalti təyin etməklə yanaşı, 90+3-cü dəqiqədə Riçard Almeydaya qırmızı vərəqə göstərib. Yekunda Azərbaycan çempionu iki oyunun nəticəsinə (2:3) əsasən, turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçına matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Portuqaliya yığması millimizi koronavirus pandemiyası ilə əlaqədar doğma meydanda qəbul edə bilmədiyi üçün Turini seçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: