Ronaldo mümkün məşqçiliyi haqda: “Bunu ancaq tanrı bilir”

“Əl-Nəsr”in portuqal kapitanı, ulduz hücumçu Kristiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra gələcəyi haqda fikrini paylaşıb.

Arena.az “A Bola” dərgisinə istinadən, portuqal futbolçunun bu barədə fikrini təqdim edir:

“Hazırda hansısa komandanın məşqçisi olmaq fikrim yoxdur. Mən özümü futboldan kənar başqa işlərlə məşğul görürəm, amma gələcəkdə məni nə gözlədiyini ancaq tanrı bilir”, deyə ulduz futbolçu vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 3 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 67 oyun, 61 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: