Ronaldo AÇ-2024-də oyunu ilə bağlı tənqidləri kəskin cavabladı

Portuqaliya yığmasının və “Əl-Nəsr”ın ulduz hücumçusu Kristiano Ronaldo AÇ-2024-də çıxışı müqabilində tənqidləri cavablayıb.

Arena.az məlumat verir ki, “Roni” bu barədə özünün “YouTube” kanalında keçmiş ingilis futbolçu, hazırda futbol mütəxəssisi, təhlilçi olaraq çalışan Rio Ferdinandla söhbəti zamanı danışıb:

“Hamı deyirdi: “Ah, 39 yaş, qocalır”. Bilirsən niyə belə deyirdilər? Çünki qol vurmadım. Bəs qalanları, mən nə etmişəm? Mənim keçmişim? Seçmə mərhələdə 10 qol vurmuşdum. AÇ-2024-ə qədər İrlandiya yığması ilə oyunda iki qol vurmuşdum.

Tənqid hər zaman olacaq, amma insanlar bir məqamı unudurlar. Onlar deyirlər ki, Kristiano qollar vurmayıb, amma mən vurmuşam. İkisini. İlk bəyan edən də mən oldum: “Mən uğursuzluğa düçar oldum, amma təslim olmayacağam. Boşa versəm belə, ora gedib penaltini çəkəcəyəm”. Mən həmişə belə olacağam və gizlənərək sancılarım olduğunu heç vaxt deməyəcəyəm”, deyə Ronaldo qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, portuqal ulduz AÇ-2024-də keçirdiyi 5 oyunda 1 məhsuldar ötürmə və dəqiq yerinə yetirilmiş 2 oyunsonrası penalti ilə fərqəlnib. Ronaldonun qitə birinciliyində ümumi çıxışını mütəxəssislər kafi olaraq qiymətləndirirlər.

Portuqaliya yığması isə yarışın 1/4 finalında Fransa yığmasına oyunsonrası penaltilər silsiləsində məğlub olaraq, AÇ-2024-lə vidalaşıb (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:5).

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: