“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 5-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis qolsuz bitən matçla (0:0) bağlı bunları söyləyib:
“Nəticədən narazı qaldım. Daha yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam inteqrasiya olmayıblar. Bu cəhətdən axsamalarımız var. Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Ancaq onları vurmağa layiq deyildik. Əsas çətinliyimiz də yaradılan şanslardan yararlana bilməməyimizdir”.
Roman Qriqorçuk milli komandanın oyunlarına görə yaranacaq fasilədə görüləsi işlərdən də söz açıb: “Bizim üçün bu fasilə çox vacibdir. Komandamızın daha da yaxşı komplektləşməsinə çalışacağıq. Obyektiv səbəblərə görə tam olaraq işləyə bilmədiyimiz məqamların üzərində fasilədə çalışacağıq. Komandanın daha kəsərli hücumlar yaratmasını istəyirik. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik.
Biz toplanışa bu heyətlə başlasaydıq, indikindən 300 faiz daha yaxşı oynayardıq. Amma bəzi səbəblər var ki, mövsümə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq, düzgün yanaşmadayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də bizimlə birgə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir”.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov da qolsuz heç-heçəyə şərh verib:
“Evdə ilk oyunumuz idi. Nəhayət ki, Şamaxıda oynaya bildik. Rəqib “Neftçi” idi. Uduzmaq istəmirdik. Gözlədiyimdən də dinamik oyun keçdi. Hər iki komanda oyunun tempini yüksək tutdu. Oyun baxımından komandadan çox razı qaldım. Düzdür, sonlarda yorulduq. Amma bu gün qələbəyə layiq idik. Son nöqtəni qoymaqda nəsə çatmadı. Buna da vaxt lazımdır. Şükürlər olsun ki, istədiyimiz xalı yığmışıq. Komanda təzyiq altında deyil. Qarşıdakı fasilədən səmərəli istifadə etmək istəyirik ki, futbolçular performanslarını daha da yaxşılaşdırsınlar”.


