Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda kollektivlə məşqlərə başlayıb.
Arena.az xəbər verir ki, bu barədə İkinci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçunun komanda ilə hazırlığa start verdiyi üçün çox sevindiyini bildirib.
“Nürnberq” sentyabrın 5-də yoxlama oyununda “Ersgebirge” ilə üz-üzə gələcək. Mahirin də bu görüşdə iştirakı gözlənilir.
Xatırladaq ki, Mahir Emreli avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Lakin azərbaycanlı futbolçu zədəli olduğundan onun yeni komandasında debütü bir qədər gecikir.
“Nürnberq” Almaniyanın ikinci Bundesliqasında mübarizə aparır. Sözügedən komanda 2024/2025 mövsümünün ilk 4 turunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 2 oyunda məğlub olub. Komanda 4 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Mahirin komandası Bundesliqanın 5-ci turu çərçivəsində avqustun 14-də səfərdə “Ulm” ilə qarşılaşacaq.
Xatırladaq ki, Mahir Emreli 2022-ci ilin fevral ayından Zaqreb “Dinamo”sunda çıxış edirdi. O, Xorvatiya nəhənginə Polşanın “Legiya” (Varşava) klubundan transfer olunmuşdu. Mahir Zaqreb təmsilçisinin heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu bu komanda ilə 3 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi adını qazanıb.
Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.



