UEFA “Qarabağ”ı 28500 avro cərimələdi

UEFA Azərbaycan çempionu “Qarabağ”ı UEFA Çempionlar Liqasının oyunlarındakı davranışlara görə 28500 avro cərimələyib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi 3-cü təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın “Dinamo” kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. Belə ki, UEFA “Qarabağ”ı “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimə edib.

Xatırladaq ki, “Qarabağ” Zaqreb “Dinamo”su ilə pley-off görüşlərində uduzduğu üçün Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan çempionu mübarizəni Avropa Liqasının Liqa mərhələsində davam etdirir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu turnirdə ilk qarşılaşmasını sentyabrın 26-da səfərdə keçirəcək. Ağdam klubu həmin gün İngiltərə nəhənglərindən “Tottenhem”lə qarşılaşacaq. Ardınca Qurban Qurbanovun yetirmələri evdə “Malmö” və “Ayaks”la, səfərdə “Bodo Qlimt”lə görüşəcək. Lion “Olimpik”ini qəbul etdikdən sonra “Elfsborq”un qonağı olacaq komanda son iki oyununu 2025-ci ildə keçirəcək. “Qarabağ” evdə “Styaua”, səfərdə “Olimpiakos”la üz-üzə gələcək.

Yeri gəlmişkən, UEFA “Zirə”nin rəqibinə xəbərdarlıq edib. Buna Bakıda Xorvatiya təmsilçisi “Osiyek”ə qarşı keçirilən Avropa Konftrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında yaşananlar səbəb olub. Qonaqlar “komandanın düzgün olmayan davranışı”na görə xəbərdarlıq alıblar.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) “Zirə” penaltilər seriyasında (2:1) mərhələ adlayan tərəf olub. Bakı təmsilçisi növbəti raundda iki oyunun nəticəsinə əsasən Kiprin “Omoniya” komandasına uduzub – 0:6, 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: