Futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün Liqa mərhələsinin 1-ci turu çərçivəsəsində 18 matç baş tutub.
Arena.az xəbər verir ki, bu qarşılaşmalardan sonra ilk dəfə yeni formatda keçirilən turnirin liderləri bəlli olub.
“Ayaks” 1-ci, “Styaua” 2-ci yerdədir. Hər iki klub Azərbaycan çempionu “Qarabağ”ın qarşıdakı turlardakı rəqibləri sırasındadır.
İlk “üçlüy”ü “Latsio” qapayır. “Tottenhem” 4-cü pillədə yer alıb.
Sonuncularla İngiltərədəki matçda 3 cavabsız qol buraxan Qurban Qurbanovun yetirmələri isə 34-cü yerə şərikdir. “Qarabağ” Kiyev “Dinamo”su ilə eyni mövqeyi bölüşür. Bu iki komanda yalnız “Beşiktaş”dan öndədir.
Qeyd edək ki, 8 turdan sonra 1-8-ci yerlər 1/8 finala, 9-24-cü yerlər pley-offa yüksələcək. Digər 12 klub üçün mövsüm bitəcək.
Yeri gəlmişkən, Avropa Liqasında Liqa mərhələsinin ilk turunun statistik göstəriciləri açıqlanıb. 36 iştirakçı klubun ilk oyundakı müxtəlif göstəriciləri bəlli olub.
İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu “Qarabağ” bəzi məqamlarda ön sıralarda yer alıb.
Qurban Qurbanovun komandası ofsayda düşmək sayında 1-ci turun rekorduna şərik olub. “Qarabağ” Londonda 6 dəfə oyundan kənar vəziyyətə düşüb. Yalnız “Olimpiakos”la “Roma” eyni göstəriciyə malikdir.
Hücum futboluna üstünlük verən “Qarabağ” ofsayda düşdüyü kimi künc zərbələrində də ön pillələrdədir. Ağdam klubu səfərdə 9 korner yerinə yetirib. “Qalatasaray” və “Portu”da da eyni rəqəm qeydə alınıb. Yalnız üç komanda – “Mançester Yunayted”, “Midtyulland” və “Atletik” təmsilçimizi qabaqlayır – hərəyə 10 dəfə.
Qeyd edək ki, yeni formatda keçirilən Liqa mərhələsi 8 turdan ibarət olacaq.


