Aparıcı Avropa Liqaları cari mövsümün yay transfer pəncərəsinin bağlanması tarixi ilə bağlı ümumi razılıq əldə ediblər.
Arena.az bu barədə “The Times” dərgisinə istinadən məlumat verir.
Təşəbbüskar qismində İspaniya La Liqası çıxış edərək, Avropanın ən aparıcı liqalarını (İngiltərə, Almaniya, İtaliya, Fransa) müvafiq fikir ətrafında səfərbər edib. Bundan əvvəl Avropa klubları öz milli liqalarından mövcud qaydaların dəyişdirilməsi ilə bağlı razılaşma üzərində işləməyi xahiş etmişdilər.
“La Liqa və digər aparıcı Avropa liqaları 2025-ci ilin transfer pəncərəsinin bağlanma tarixi ilə bağlı razılığa gəliblər”, – “Football España” bildirib.
Beləliklə, razılığa görə, 2025/2026-cı illər mövsümünə başlamazdan əvvəl cari – 2024/2025-ci illər mövsümünün yay transfer pəncərəsi avqustun 15-də bağlanacaq. Transfer pəncərəsi İspaniya La Liqası, İngiltərə Premyer Liqası, Almaniyada Bundesliqası, Fransa 1-i və İtaliya A Seriyası da daxil olmaqla, Avropanın aparıcı beş yerli liqası yeni mövsümünə başlamazdan əvvəl bağlanacaq.
Mövsümlərarası fasilədə isə hər hansı dəyişikliklə bağlı plan yoxdur. Belə ki, 2025-ci ildə qış transfer pəncərəsi adı çəkilən liqalarda yanvarın 2-də açılacaq və fevralın 3-də bağlanacaq.


