“Mançester Siti”nin braziliyalı əsas qapıçısı Ederson Moraes ötən yay “şəhərlilər”dən ayrılmamasının səbəbini açıqlayıb.
Arena.az “TNT Sports Brasil” dərgisinə istinadən məlumat verir ki, o, yayda Səudiyyə Ərəbistanından aldığı sərfəli təkliflərə rəğmən, klubu tərk etməmək qərarına “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiolanın təsirini etiraf edib:
“Masa üzərində həqiqətən də çox cəlbedici bir təklif vardı. Çünki bu, qeyri-adi təklif idi. Qvardiola ilə saysız-hesabsız söhbətlər etdim, onlardan biri mənim üçün əlamətdar idi. Onun dediyi sözlərdə təminatlar, proses və inkişaf görünürdü. Bütün bunlara sahib olmaq, mənim “Mançester Siti”də qalmağım üçün vacibdir”, deyə təcrübəli qolkiper vurğulayıb.
Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkmiş braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıblar. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ederson cari mövsümdə “Mançester Siti”nin heyətində 9 oyuna çıxıb, 9 qol buraxıb, 2 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 341 oyun, 266 buraxılmış qol, 157 “quru” oyun.
Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.
Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 26 oyuna 19 qol buraxıb, 12 təmiz oyun keçirib. Edersonun “selesao”nun heyətində bu qədər az oyun keçirməsinin də səbəbi var. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


