İngiltərə yığmasının yeni baş məşqçisi Tomas Tuxel hücumçu Harri Keynin “üç şir”in kapitanı olaraq qalıb-qalmayacağı haqda sualı cavablayıb.
Arena.az “Goal” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Hər bir kəs mənim Harriyə münasibətimin necə olduğunu bilir. Onu “Bayern”ə gətirmək üçün çox çalışmalı olmuşdum. O, artıq əfsanəyə çevrilmək yolunda addımlayır. Müvafiq qərarları vermək isə hələ tezdir. Mən Li Karsliyə hörmətlə yanaşmaq və onun işinə mane olmamaq istəyirəm”, deyə Tuxel vurğulayıb.
Hazırda İngiltərə yığması ingilisəsilli irland mütəxəssis Li Karslinin rəhbərliyi altındadır. Karsli baş məşqçi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edərək, “üç şir”ə “baxıcılıq” edir. İlin sonunda Karsli vəzifəsini təhvil verəcək və alman mütəxəssis Tomas Tuxel yeni ildən İngiltərə yığmasını çalışdıracaq. Tomas Tuxellə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.


