Raydell Pupon: “Qarabağ” Azərbaycanın “Ayaks”ıdır”

Azərbaycan çempionu “Qarabağ”ın niderlandlı sabiq futbolçusu Raydell Pupon “Ayaks”ın rəsmi saytına müsahibə verib.

Arena.az xəbər verir ki, 37 yaşlı sabiq hücumçu Avropa Liqasının “Qarabağ” – “Ayaks” matçı ərəfəsindəki müsahibəsində proqnoz verib:

“Əlbəttə, “Qarabağ”a yuxarıdan aşağı baxmaq olmaz. Mən onların “Bayer”lə son oyunlarını görmüşəm. “Bayer” həmin görüşlərdə favorit idi. “Qarabağ” “Malmö” ilə görüşdə hesabı açsa da, sonda uduzdu. Bütün bunlar çox şeydən xəbər verir. Yəqin ki, onlar böyük komandalara daha çox motivasiya olurlar. “Ayaks”a da böyük komanda kimi yanaşacaqlar. Oyundan gözləntim “Ayaks”ın 2:0 hesablı qələbəsidir”.

2015/2016 mövsümündə Ağdam klubunda oynamış niderlandlı hücumçu vaxtilə Azərbaycan klubundan gələn təklifi xatırlayıb. “Ayaks”ın yetirməsi olan futbolçu Niderland nəhəngində oynadığı günlərə qayıdıb:

“Ayaks” karyeramın fərqli alınmasını istərdim. Amma Henk Ten Keyt heyətdəki zədəlilər üzündən komandanı başqa sistemlə oynatmağa başlayanda başa düşdüm ki, gələcəyim bu klubla bağlı olmayacaq. Ardınca “Villem II”, “Sparta”, “De Qraafşap”, “Den Haq”, “Breda” və “Valensyen” macəraları yaşadım. Bundan sonra agentim zəng vurdu və “Qarabağ”a keçmək istəyimin olub-olmadığını soruşdu. Bu klubu tanımırdım. Belə bir klubun varlığı belə maraqlı idi. Düşünürdüm ki, məni aldadırlar. Azərbaycan neft ölkəsidir. Başqa heç bir anlayışım yox idi. İnternetdə axtardım. Bakı gözəl şəhər idi. Müəyyən qədər Dubay ruhunda idi. Amma qışda isti olmurdu. Maliyyə baxımından da çox cəlbedici idi”.

“Quranova uyğun gəlmirdim, məni polis kimi nəzarətdə saxlayırdı”

Pupon “Qarabağ”la avrokuboklarda oynamaqda da maraqlı olub: “İdman planında da maraqlı təklif idi. Klub UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində oynayırdı. Mən də sınamaq və macəra yaşamaq qərarına gəldim. Xanımım və bir yaşlı qızımla ora yollandım”.

Azərbaycan yarım il keçirən niderlandlı ən böyük problemini yada salıb: “Dil məsələsi problem idi. Klubda tərcüməçim vardı. Amma kənarda deyildi. Azərbaycanda türk və rus dillərində danışırlar. Sonradan Türkiyədə də oynadım. Orada sutkanın istənilən vaxtı əlim çatan biri var idi, amma Bakıda yox”.

Artıq karyerasını başa vuran 37 yaşlı futbol veteranı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu da xatırlayıb: “O elə fikirləşirdi ki, mən çox kökəm. Mən 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Buna riayət etməsəydim, cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. O, futbolçuların arasında deyil, onlardan çox yüksəkdə idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi – 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim”.

Pupon peşəkar karyerasını bitirsə də, hələ də futbol oynadığını bildirib: “Həvəskarlardan ibarət DVS komandasında oynayıram. Amma eyni zamanda səhiyyə sahəsində çalışıram. Psixoloji yardım, həmçinin əlillərə və uşaqlara qulluq sahələrində çalışıram. Bu, indiki yerim, indiki işimdir”.

Xatırladaq ki, 2015/2016 mövsümündə “Qarabağ”da oynamış Pupon Azərbaycan klubunun heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: