Bernardo Dias PFL tərəfindən mükafatlandırıldı

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Dias Azərbaycan Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi olub.

Arena.az xəbər verir ki, bu gün Premyer Liqanın 11-ci turunun “Araz-Naxçıvan” – “Zirə” görüşündən əvvəl Benni ləqəbli futobolçuya mükafatlar təqdim olunub.

Ona mükafatları “Dalğa Arena”da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Xatırladaq ki, Peşəkar Futbol Lqiasının (PFL) rəsmi “Facebook” hesabında paylaşılan 5 qol arasında “Araz-Naxçıvan”ın üzvü Bernardo Diasın sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə vurduğu qol ən çox emoji toplayıb. Portuqaliyalı yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümündə “Ayın qolu” layihəsinin ilk qalibi “Sumqayıt”ın futbolçusu Kamran Quliyev olmuşdu. Onun Premyer Liqanın 3-cü turu çərçivəsində “Səbail”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilmişdi.

Bernardo Dias “Araz-Naxçıvan”a bu ilin iyul ayında Portuqaliyanın “Torreense” klubundan azad agent kimi keçib. 27 yaşlı futbolçunun Premyer Liqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, Naxçıvan klubunun heyətində 10 oyuna çıxıb, 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: