Premyer Liqa: “Zirə” cəmi 1 dəfə yendiyi “Araz-Naxçıvan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turundan təxirə salınmış bir oyun keçiriləcək.

Arena.az xəbər verir ki, günün yeganə matçı “Zirə” və “Araz-Naxçıvan” komandaları arasında baş tutacaq.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Ona yan xətt hakimləri Eyyub İbrahimov ilə Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, bu komandalar indiyə qədər milli çempionat çərçivəsində 5 dəfə qarşılaşıblar. Zirəlilər bu oyunlarda 1 qələbə qazandıqları halda, Naxçıvan təmsilçisi iki dəfə 3 xala sevinib. Daha 2 görüş “sülh”lə yekunlaşıb. “Zirə” evdə qol vurmayıb. “Araz-Naxçıvan” son iki görüşdə xal qazanıb.

Hazırda bu komandaların Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə yer alması oyuna olan marağı daha da artırır. “Araz-Naxçıvan” 24 xalla 3-cü, “Zirə” isə 20 xalla 4-cü sıradadır. Bir sözlə, Rəşad Sadıqovun komandası bu gün doğma meydanda qalib gəlsə belə, turnir cədvəlində dəyişiklik olmayacaq. Naxçıvan təmsilçisinin mümkün qələbəsi isə Elmar Baxşıyevin kollektivinin “Turan Tovuz”u qabaqlayaraq ikinci pilləyə çıxmasına şərait yarada bilər.

“Araz-Naxçıvan” əvvəlki 11 oyununda 7 qələbə qazanıb, 3 heç-heçə edib və cəmi 1 məğlubiyyətə üzülüb. “Zirə” isə 6 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət görüb.

Premyer Liqa
3-cü turun oyunu
6 noyabr

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: