21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) üzvü Murad Vəliyevin komandası “Nomme Yunayted” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, ötən gün Estoniya çempionatında 2024-cü il mövsümünün sonuncu – 36-cı turunun oyunları keçirilib.
“Nomme Yunayted” həlledici turda doğma meydanda “Tammeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
“Nomme Yunayted”ə bu ilin fevral ayında qoşulmuş Vəliyev bu oyunun iştirakçısı olmayıb. Əvvəlki turlarda 2 qol vurmuş Murad Vəliyevin adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 22 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 4 qola və 1 avtoqola imza atıb.
Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 15 oyun keçirib və 1 qola imza atıb.
Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edirdi. Sözügedən komanda 36 oyunda topladığı 15 xalla 10 iştirakçı arasında sonuncu olub və elitanı tərk edib.


