Abdulkadir Parmakla Doğukan Sinik Renatın komandasında

“Hatayspor” heyətini iki yeni futbolçu – sol cinah vingeri Doğukan Sinik və mərkəz yarımmüdafiəçisi Abdulkadir Parmakla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Doğukan İngiltərənin “Hall Siti” klubundan icarəyə götürülüb. 25 yaşlı vinger bu mövsümün sonunadək Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Doğukan Sinik “Antalyaspor”un yetirməsidir. “Kemerspor”da da oynamış futbolçu “Hall Siti”yə 2022-ci ildə 4 milyon avro qarşılığında keçib. Amma o, türkiyəli ünlü iş adamı Acun Ilıcalının sahibi olduğu bu komandada cəmi 13 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Antalyaspor”da keçirmiş futbolçu, bu mövsüm yenə şans qazana bilmədiyi üçün ölkəsinə qayıtmaq məcburiyyətində qalıb. Sinik Türkiyə millisində 6 oyuna çıxıb, 2 qola imza atıb.

Abdulkadir Parmak isə “Hatayspor”a azad agent kimi qoşulub və 1,5 illik müqaviləyə imza atıb. “Yalıspor”un yetirməsi olan yarımmüdafiəçi, “Trabzonspor”, “1461 Trabzon”, “Ümraniyəspor”, “Altınordu”, “Adana Dəmirspor”, “Kayserispor”, “Qaziantep” kimi klublarda da forma geyinib. O, bu mövsümün əvvəlində, 2023-cü ilin yayında “Trabzonspor”dan 100 min avro qarşılığında “Sivasspor”a keçmişdi. 29 yaşlı futbolçu Sivas klubunun heyətində 12 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, bu klubdan bir neçə gün öncə azad agent kimi ayrılmışdı.

Doğukan Sinikin gəlişindən sonra “Hatayspor” öz sol cinah vingeri Didye Lamkel Zeni də “Mets”ə icarəyə verib. Fransa klubu Kamerundan olan 27 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Ze “Hatayspor”a bu mövsümün əvvəlində, 2023-cü ilin avqustunda gəlmişdi. O, Super Liqa təmsilçisində 16 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “Antverpen”, “Nyor”, “Kortreyk”, “Mets”, “Dunayska Streda”, “Vidad” və “Ximki” kimi klubların da şərəfini qoruyub.

“Mets” də hücumçusu Simon Elizoru “Trua”ya icarəyə verib. Fransız futbolçu bu mövsümün sonuna qədər icarədə oynayacaq.

Simon Elizor “İstr” klubunun yetirməsidir. O, karyerası ərzində “Ayaçço”, “Set”, “Vilfranş Bojele”, “Seren” (Belçika), “Laval”, “Mets”də də çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: