AÇ-2024: Alman polisi ingilislərə pivə əvəzinə çətənə təklif etdi

Almaniya polisi İngiltərə yığmasının azarkeşlərini Avropa çempionatı (AÇ-2024) zamanı pivə içmək əvəzinə çətənə çəkməyə səsləyib.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Almaniya hüquq-mühafizə orqanları pivəxor ingilis azarkeşlərin içib keflənməsi ilə arzuedilməz və qanunsuz hərəkətlərə səbəb olacaqlarından ehtiyat edirlər. İngilislər mötəbər yarışlarda xuliqanlıqları ilə ad çıxarıblar. Həmçinin vurğulanır ki, alman polisi serb azarkeşlərdən də narahatdır. Daha əvvəl bu yığmaların qarşıdakı oyunu zamanı balkanlı azarkeşlərin britaniyalı azarkeşlərə qarşı iğtişaş törətmək təhlükəsi haqda məlumat yayılmışdı. Hazırda Almaniya polisi hər iki düşərgəni ciddi nəzarətdə saxlayır.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

İngiltərə millisi qitə birinciliyində Sloveniya, Danimarka və Serbiya yığmalarının yer aldığı “C” qrupunda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: