AÇ-2024: İngiltərə millisi təpki göstərməkdə ən aciz komandadır

Avropa çempionatının (AÇ-2024) qrup mərhələsinin iki turundan sonra komandaların təpki tezliyi (PPDA) üzrə siyahı təqdim edilib.

Arena.az məlumat verir ki, “Wyscout” statistik internet-portalının təqdim etdiyi siyahıda qitə birinciliyinin ilk iki turu ərzində meydanda ən yüksək və ən zəif təpki göstərmiş komandaların beşliyi açıqlanıb.

PPDA göstəricisi komandanın topu almağa və ya onu tutmağa cəhd etməzdən əvvəl rəqibə neçə ötürmə etməyə macal verdiyini göstərir. Hesablama zamanı yalnız müdafiədə olan komandanın qapısından 40 metr və ya daha çox məsafədə olan fəaliyyət nəzərə alınır.

Göstərici nə qədər az olarsa, komandanın yüksək təzyiq fəaliyyəti bir o qədər yaxşıdır. Hələlik bu göstərici üzrə ən yaxşı komanda 7,46 göstəricisi ilə, Avropa çempionatının ev sahibi Almaniya yığmasıdır. İngiltərə yığması isə 22,63 göstərici ilə müvafiq fəaliyyətdə ən bərbad komandadır.

AÇ-2024-də təpki tezliyi üzrə ən yaxşı komandaların beşliyi:

  1. Almaniya – 7,46;
  2. Avstriya – 8,52;
  3. Belçika – 8,6;
  4. Xorvatiya – 10,06;
  5. Portuqaliya –10,2.

AÇ-2024-də təpki tezliyi üzrə ən zəif komandaların beşliyi:

  1. İngiltərə – 22,63;
  2. Macarıstan – 21,65;
  3. Albaniya – 20,57;
  4. Şotlandiya – 18,78
  5. Sloveniya – 18,17.

Xatırladaq ki, bu siyahıda yer almış Almaniya yığması dünən, iyunun 23-də qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində “A” qrupunda İsveçrə yığması ilə qarışılaşıb və 1:1 hesablı heç-heçə oynayıb. Həmçinin, Macarıstan və Şotlandiya yığmaları bu qrupda 3-cü tur çərçivəsində qarşılaşıblar (1:0). 3-cü turun nəticələri müvafiq siyahıda yer almayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: