2023/2024 mövsümü bitən kimi “Səbail”dən ayrılan müdafiəçi Adil Nağıyev bundan sonra yenidən “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Şamaxı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” bu gün heyətini yeni futbolçu ilə gücləndirib. Əyalət təmsilçisi sabiq müdafiəçisi Adil Nağıyevlə razılığa gəlib. 29 yaşlı oyunçu ilə 1 illik müqvailə imzalanıb.
Xatırladaq ki, Adil Nağıyev 2022-ci ilin avqust ayından həmin ilin dekabrına qədər icarə əsasında məhz “Şamaxı”da forma geyinib. Həmin vaxt o, bu komandanın heyətində 18 oyuna çıxıb.
Nağıyev 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi. O, paytaxt təmsilçisinin heyətində bütövlükdə 110 oyuna çıxıb, 3 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Nağıyev karyerası ərzində “Zirə”, “Sumqayıt” və AZAL-da da forma geyinib. Müdafiəçi Azərbaycanın U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, daha öncə “Səbail”də icarədə olan Bahadur Həziyev də “Şamaxı”ya qayıtmışdı. Əvəzində Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov əyalət klubunu tərk ediblər. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla isə yeni müqavilə imzalanıb.


