Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Birinci Liqanın 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Karvan” – “İrəvan” oyunu bitdikdən sonra “İrəvan”ın futbolçusu Elvin Yunuszadə stadionun giriş qapısına zərər vurduğuna görə 1 oyun cəzalanıb, klubu 100 manat cərimələnib. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” tərəfindən ödəniləcək. Oyundan sonra “İrəvan”ın futbolçusu Əli Əliyev stadionun soyunub-geyinmə otağının qapısına zərər vurduğuna görə 1 oyun cəzalanıb, klubu 100 manat cərimələnib. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” tərəfindən ödəniləcək.
“Zaqatala” – “Difai Ağsu” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimələnib. “Zaqatala”nın futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Zaqatala”nın digər futbolçusu Kənan Müslümov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Zaqatala” klubu buna görə də 200 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimələnib. İkinci hissədə xərəkdaşıyanların say limiti pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
“Araz Saatlı” – “Şamaxı” oyununun 57-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Samir Alıyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimələnib.
“İmişli” – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimələnib. “İmişli”nin futbolçusu Tolqar Yaqubov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Matçın rəsmi protokolunda adı olmayan “İmişli”nin inzibatçısı Xəzər Kazımlı rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimələnib. PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimələnib. “İmişli”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.


