Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanovun çıxış etdiyi “Bilis” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, bu gün Albaniya çempionatında 2024/2025 mövsümünün 7-ci turunun oyunları keçirilib.
“Bilis” evdə “Elbasani” ilə qarşılaşıb. Yunanovun komandası bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Amil bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Amil Yunanovun komandası 7 turdan sonra 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Amil Yunanov “Bilis”ə bu ay azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. 31 yaşlı forvard yeni komandasında 1 oyuna çıxıb, fərqlənə bilməyib.
Yunanov ötən mövsümü “Kəpəz”də keçirib. O, bu ilin yanvar ayında “Səbail”dən icarə əsasında Gəncə klubuna keçmişdi. 31 yaşlı forvard “Kəpəz”in heyətində 15 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların da formasını geyinib.


