Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Amin Ramazanov zədələnib.
Arena.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, gənc qolkiper məşq prosesində xəsarət alıb.
Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Yeri gəlmişkən qeyd edək ki, Ramazanovun zədələnməsindən sonra “Qarabağ” heyətinə yeni qapıçı da cəlb edib. “Viktoriya” (Çexiya) ilə oyunda adı protokolda olan Sadiq Məmmədzadə “Səbail”in Futbol Akademiyasının qapıçısıdır. O, həm klubun U-19 komandasının, həm də millimizin müvafiq yaş qrupunun üzvüdür.
Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın hazırlıq prosesi iyulun 17-nə qədər davam edəcək.
Moskva “Lokomotiv”inin futbol akademiyasından çıxmış Amin Ramazanov “Qarabağ”a 2021-ci ilin iyul ayında cəlb olunub. 21 yaşlı qolkiper Ağdam klubunun əsas komandasında 14 oyun keçirib, 15 qol buraxıb. Onun hesabında 4 “quru” oyun da var.
Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış Ramazanov əsas millimizdə debüt şansı qazanmayıb.


