Türkiyənin “Antalyaspor” klubu iki futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi mərkəz müdafiəçisi Naldo Pereyra və yarımmüdafiəçisi Doğukan Siniklə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Naldo Pereyranın klubla müqaviləsinin müddəti bitib və yeni anlaşmaya ehtiyac duyulmayıb. Doğukan Sinik isə İngiltərənin “Hall Siti” klubuna satılıb. Antalya təmsilçisi hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək kayreralarında uğurlar arzulayıb.
Naldo Pereyra 2020-ci ildə İspaniyanın “Espanyol” klubundan “Antalyaspor”a transfer olunmuşdu. Braziliyalı futbolçu daha öncə “Krasnodar”, “Sportinq” (Lissabon), “Xetafe”, “Udineze”, “Bolonya” və “Qranada”da da legioner həyatı yaşayıb. 33 yaşlı müdafiəçi öz ölkəsində də “Kruzeyro”, “Qremio”, “Ponte Preta” və “Union San-Juan” klublarında forma geyinib.
Doğukan Sinik isə “Antalyaspor”un öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında çıxış edirdi. Futbolçu 2017-18 mövsümündə “Kəmərspor”da icarədə də oynayıb. 23 yaşlı vinger ötən mövsüm Super Liqa çərçivəsində meydana çıxdığı 31 matçda 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Doğukan Sinik həm də Türkiyə millisinin üzvüdür. Əsas millidə 3 oyuna 2 qol vurmuş yarımmüdafiəçi, əvvəllər U-16, U-18, U-19 və U-21-də də forma geyinib.
Xatırladaq ki, İngiltərə Çempionşipində mübarizə aparan və Premyer Liqaya yüksəlməyi hədəfləyən “Hall Siti” klubunun sahibi Acun Ilıcalıdır. TV8-in rəhbəri daha öncə Türkiyənin “Fənərbaxça” klubundan Allahyar Sayyadmaneş və Ozan Tufanı da sözügedən komandaya transfer etmişdi.


