Futbol üzrə Argentina milli komandasının sabiq üzvü, sağ cinah hücumçusu Anxel Di Mariya Portuqaliyanın “Benfika” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, müqaviləsinin müddəti bu yay bitən 37 yaşlı futbolçu Portuqaliya təmsilçisini azad agent kimi tərk edib.
Artıq Anxelin yeni iş yeri də məlumdur. Təcrübəli futbolçu karyerasını doğma vətəndə davam etdirəcək. O, böyük futbol başladığı “Rosario Sentral” klubuna qayıdıb. Klub 37 yaşlı futbolçunun transferi ilə bağlı videoçarx hazırlayıb. “Rosario Sentral”ın yetirməsi olan Di Mariya iki il burada çıxış etdikdən sonra Avropaya yollanıb.
Xatırladaq ki, Anxel Di Mariya 2023-cü ilin yayından “Benfika”da çıxış edirdi. O, 2007-2010-cu illər aralığında da Lissabon klubunun uğurları üçün çalışıb. Argentinalı hücumçunun “qartallar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Di Mariya “Benfika” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Di Mariyanın “Benfika”nın heyətində çıxışının ümumi mənzərəsi 212 oyun, 47 qol və 53 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli futbolçu karyerası ərzində “Yuventus”, PSJ, “Mançester Yunayted”, “Real” və “Rosario Sentral”da çıxış edib.
Anxel Di Mariya 2008-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətndə 145 oyuna çıxıb, 31 qol və 32 məhsuldar ötürmə ilə fərqlənib. Di Mariya “albiseleste” ilə 2024-cü ildə Qətərdə keçirilmiş dünya çempionatının, Amerika Kubokunun (2021, 2024), 2008-ci Pekin Olimpiya futbol yarışının, Avropa və Cənubi Amerika çempionları arasında “Finalissima” oyununun qalibi olub. Di Mariya bu il yığma komandanın heəytində çıxışına xitam verdiyini açıqlayıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı veteran hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


