Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 8-ci turu çərçivəsində “Ballkani” ilə qarşılaşıb.
Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Araz da bu görüşün iştirakçısı olub. O, 52-ci dəqiqədə meydana buraxılıb.
Bu məğlubiyyətdən sonra liderliyi əldən verən “Lapi” 16 xalla 10 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. “Ballkani” isə vahid liderə çevrilib.
Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay 1 illik müqavilə imzalayıb. O, bu komandada 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.


