Argentina millisi beynəlxalq yarışlardan kənarlaşdırıla bilər

Futbol üzrə Argentina millisi ölkə prezidenti Xavyer Xerardo Mileyin təklifi müqabilində beynəlxalq yarışlardan kənarlaşdırıla bilər.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Miley Argentina prezidenti seçilən kimi Təxirəsalınmaz zərurət haqqında Fərmanda qeyd edildiyi kimi, milli klubların idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini bəyan edib.

Argentina İdman Konfederasiyası (CAD) bu təklifə qarşı çıxıb, çünki Beynəlxalq Olimpiya Komitəsinin (IOC) və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub. Müvafiq müdaxilə səbəbindən Argentina yığması bu il keçiriləcək iki beynəlxalq yarışdan – Amerika Kuboku və Paris Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.

Xatırladaq ki, dekabrın 20-də Miley xalqa müraciət edərək, iqtisadiyyatın tənzimlənməsinin dayandırılmasına (derequlyasiya) yönəlmiş islahatlarla bağlı fövqəladə fərman imzaladığını bəyan edib.

Sonda onu da qeyd edək ki, Argentina millisi 2022-ci ildə Qətərdə keçirilmiş sonuncu dünya çempionatının qalibidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: